Tahir Baxşıyev: Basketbolçumuzun NBA məktəbinə qəbul olunması təqdirəlayiq haldır
Yeniyetmələrdən ibarət millimizin üzvü Hüseyn Qaflanovun NBA (Milli Basketbol Assosiasiyası) basketbol məktəbinə qəbul olunması təqdirəlayiq haldır. Azərbaycan Basketbol Federasiyası Hüseynin gələcəkdə NBA-da iştirak etməsi və yığma komandalar arasında ölkəmizi ən yüksək səviyyədə təmsil etməsi üçün diqqət və qayğısını davam etdirir. Əminəm ki, basketbolçumuz uğurları ilə bizi sevindirəcək.

Bu sözləri müsahibəsində basketbolçunun şəxsi məşqçisi, NTD klubunun və 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi Tahir Baxşıyev deyib.

O qeyd edib ki, boyu 2 metr 6 santimetr olan 14 yaşlı oyunçu öz fərdi bacarıqlarına görə Litvanın Vilnüs şəhərində yerləşən NBA basketbol məktəbinə qəbul olunub: “Hüseyn 10 yaşından rəhbərliyim altında basketbolla məşğul olur. O, güclü potensiala malik, dayanmadan öz üzərində çalışan zəhmətkeş gəncdir. 2024-cü ilin yayınadək bu məktəbdə xarici mütəxəssislər tərəfindən NBA-nın müasir tələblərinə uyğun məşqlərdə iştirak edəcək. Gələcəkdə NBA seçmələrində iştirak etmək hüququ qazanmaq üçün biliklərini daha da təkmilləşdirəcək”.

Baş məşqçi Azərbaycanda basketbolun inkişaf etməsi üçün görülən işlərin davam etdiyini, gələcəkdə istedadlı basketbolçuların yetişməsi üçün bir sıra tədbirlərin keçirildiyini də vurğulayıb: “Bakıda, eləcə də Gəncə, Şəki, Quba və ölkəmizin digər rayon və şəhərlərində xüsusi məktəblərin açılması, perspektivli və potensiallı uşaqların məktəblərə cəlb olunması üçün seçimlər edilib. Ümid edirik ki, gələcəkdə yüksək potensiala malik olan basketbolçularımız yetişəcək”.

Xəbər 235 dəfə oxundu.