Portuqaliya millisi – mundialın sonuncu dörddəbir finalçısı
Portuqaliya millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

Portuqaliya seçməsi çempionatın pley-off mərhələsi çərçivəsində İsveçrə yığması ilə qarşılaşıb.

“Lusail” stadionunda oynanılan matçda hesabı Portuqaliya millisi açıb. Matçın 17-ci dəqiqəsində Qonsalu Ramuş fərqlənib. Qarşılaşmanın 33-cü dəqiqəsində Pepe ikinci topu İsveçrə millisinin qapısından keçirib. Portuqaliya komandası fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

İkinci hissədə də üstün oyun nümayiş etdirən Portuqaliya millisi 51-ci dəqiqədə Q.Ramuşun dubl etməsi ilə hesab arasındakı fərqi artırıb. Dörd dəqiqə sonra portuqaliyalı futbolçu Rafael Gerreyru baxımlı qola imza ataraq rəqibi meydanın mərkəzinə dəvət edib. Görüşün 58-ci dəqiqəsində İsveçrə millisinin üzvü Manuel Akanci buraxılan toplardan birinin əvəzini çıxıb. Matçın 67-ci dəqiqəsində Q.Ramuş het-trikə imza atıb. Matçın 92-ci dəqiqəsində portuqaliyalı futbolçu Rafael Leon yekun nəticəni müəyyənləşdirib.

Rəqibini 6:1 hesabı ilə məğlub edən Portuqaliya seçməsi dörddəbir final mərhələsinə yüksəlib.

Beləliklə, dünya çempionatında səkkizədbir final mərhələsinə yekun vurulub. Dörddəbir finalda Niderland millisi Argentina, İngiltərə yığması Fransa, Xorvatiya seçməsi Braziliya, Mərakeş isə Portuqaliya ilə qarşılaşacaq.

Xəbər 252 dəfə oxundu.