Maurinyunun bütü - Ferqyuson
Madrid «Real»ının baş məşqçisi Joze Maurinyu Aleks Ferqyusonu özünə nümunə görür. İdman.com.az saytının məlumatına görə, portuqaliyalı mütəxəsiss «Mançester Yunayted»in sükançısı kimi 70 yaşı aşandan sonra da məşqçilik fəaliyyətini davam etmək istədiyini deyib.

Maurinyu «Portu»yla 2003-cü ildə əvvəlcə UEFA Kubokunu, 1 il sonra da Çempionlar Liqasını qazanaraq, hər kəsin diqqətini çəkmişdi. «Portu»nun ardından çalışdırmağa başladığı «Çelsi»nin 50 illik çempionluq həsrətinə son verən Maurinyu 2008-ci ildə «İnter»in yolunu tutmuşdu.

Portuqaliyalı çalışdırıcı Milan klubunu da 2010-cu ildə Çempionlar Liqası zirvəsinə qaldırmağı bacarmışdı. Həmin ilin yazında «Barselona»nın hegemonluğuna son vermək istəyən Madrid «Real»ı baş məşqçi kürsüsünə Maurinyunu gətirmişdi. «Real»ı keçən mövsüm La Liqa çempionu edən Maurinyu, bütün bu böyük uğurlara baxmayaraq, futbol ehtirasından əl çəkmir. Karyerasının hələ başında olduğunu söyləyən Maurinyu «Mançester Yunayted»in baş məşqçisi Aleks Ferqyusonu həsədlə izləyir. Yanvar ayında 50 yaşına çatacaq Maurinyu, daha uzun illər futbolda olmaq istədiyini, mümkünsə, eynilə Ferqyuson kimi 70 yaşından sonra da komanda çalışdırmağı planladığını deyib.

Özünü hər zamankındən güclü hiss etdiyini vurğulayan Maurinyu, «Ferqusonun niyə hələ komanda çalışdırdığını anlaya bilirəm. Çünki mən də onun kimi futbolu çox sevirəm. Hələ bir məşqçi üçün çox gəncəm. 50 yaşına çatacaq olsam belə, önümdə uzun illər olduğunu düşünürəm» deyib.
Maurinyu tez-tez bir gün mütləq baş məşqçilik etmək üçün İngiltərəyə dönəcəyini söyləyir.

Xəbər 869 dəfə oxundu.