Mehdiyev Qabil Sabir oğlu
Qabil Sabir oğlu Mehdiyev 1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

1984-cü ildə C.Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib.

1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna (Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanır) daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.

2012-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bakalavr, 2014-cü ildə isə magistr səviyyəsi üzrə bitirib.

2013-cü ildə Yunanıstanda, Beynəlxalq Olimpiya Akademiyasında təhsil alıb.

1998-ci ildən 2000-ci ilədək «Super Sport» qəzetində müxbir və şöbə müdiri vəzifələrində çalışıb.

24 mart 2000-ci ildən 1 aprel 2020-ci ilədək “İdman” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

İdman mövzusunda yüzlərlə məqalənin, “Heydər Əliyev və Azərbaycan idmanı”, “10 il öncə başlanan yol”, “Prezident İlham Əliyev və idmanımızın 5 ili”, “Bədən tərbiyəsi və idmanla bağlı hüquqi sənədlər”, “Zirvəyə aparan yol”, “Azərbaycan boksu 80 ildə”, “Azərbaycanda Olimpiya İdman kompleksləri”, “İdmanın böyük himayədarı” kitablarının müəllifi, “Boks olimpiya oyunlarında” və “Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı”, “Şərəfli ömür” kitablarının redaktorudur.

Müxtəlif mövzularda məqalələri “İdman”, “Zaman”, “Respublika”, “Olimpiya dünyası”, “Paritet”, “Palitra”, “Azərbaycan ordusu”, “Super sport” qəzetlərində, eləcə də, “Azərbaycan-irs”, “Olimpiya”, “Azərbaycan təbiəti” və “Azerbaijan Review” jurnallarında dərc olunub.

Hazırkı vəzifəsi ilə paralel olaraq, 2002-2005-ci illərdə “Turizm yenilikləri” qəzetinin redaktoru olub. 2009-cu ilin fevralından işıq üzü görən “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi” aylıq idman bülleteninin redaktorudur.

2001, 2002 və 2004-cü illərdə Gənc Jurnalistlərin I, II və IV Respublika müsabiqələrinin qalibi olub. 2008-ci ilin və 2016-cı ilin yekunlarına görə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən “ilin ən yaxşı idman jurnalisti» elan olunub.

Rəhbərlik etdiyi “İdman” qəzeti 2002-ci ilin və 2014-cü ilin ən yaxşı idman nəşri seçilib. Redaktoru olduğu “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi” aylıq idman jurnalı 2009-cu ilin ən yaxşı idman nəşri adına layiq görülüb. Həmin il, müəllifi olduğu “Zirvəyə aparan yol” kitabı idman mövzusunda yazılan ən yaxşı kitab nominasiyasında xüsusi mükafatla təltif edilib. Rəhbərliyi altında fəaliyyət göstərən www.idman.com.az portalı 2011-ci ilin ən yaxşı idman saytı seçilib.

Dəfələrlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, müxtəlif jurnalist təşkilatlarının, idman cəmiyyət və federasiyalarının fəxri fərman və diplomları ilə təltif edilib.

“Avropa” nəşr və mətbu evinin təsis etdiyi “Ən yaxşı vətənpərvər jurnalist” (2010-cu il) qızıl medalına layiq görülüb. “Qızıl qələm” mükafatı laureatıdır.

2005-2006-cı illərdə hərbi xidmətlə əlaqədar olaraq, Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində hərbi müxbir vəzifəsində xidmət keçib. Hazırda baş leytenant hərbi rütbəsi ilə ehtiyatda olan zabitdir.

Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS).

Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli 658 nömrəli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 13 iyun 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb.

2014-cü ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və 2015-ci ildə Avropa İdman Mətbuatı İttifaqının xüsusi mükafatları ilə təltif edilib.

Birinci Avropa Oyunları ilə əlaqədar olaraq, 2015-ci ilin mart-iyun aylarında Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin İnformasiya və əlaqələr (Communications) şöbəsində çalışıb.

2015-ci ilin rəy sorğusuna əsasən, ədalət prinsiplərinin ən yaxşı təbilğatçısı adına layiq görülüb və Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının “Ədalətli oyunlar prinsiplərinə sadiq təbliğatçı” mükafatı ilə təltif edilib.

2015-ci il oktyabrın 9-da Türkiyə Milli Olimpiya Komitəsinin “2015-ci il fair play xidmət medalı”na layiq görülüb.

2020-2022-ci illərdə Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti olub.

Ailəlidir. Bir qızı və bir oğlu var.

Xəbər 7440 dəfə oxundu.