Azərbaycanın şahmat üzrə daha bir hakimi beynəlxalq titul qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində 64-cü şahmat bəstəçiliyi konqresi keçirilib.

Gündəlikdə 45-ci şahmat həlletməsi üzrə dünya çempionatı, çoxsaylı həlletmə və tərtib yarışları, Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WFCC World Federation for Chess Composition) iclasları və təşkilata yeni prezident seçkiləri baş tutub.

WFCC-nin qərarı ilə ölkəmizin nümayəndəsi Elmar Abdullayevə şahmat bəstəçiliyinin üçgedişli bölməsi üzrə beynəlxalq hakim titulu verilib.

Qeyd edək ki, 36 yaşı olan E.Abdullayev Şirvan şahmat məktəbinin yetirməsidir. O, Azərbaycanla yanaşı, Gürcüstan, Mərakeş və Rumıniyada ümumilikdə 7 yarışda hakimlik edib. E.Abdullayev bu adı qazanan üçüncü nümayəndəmizdir.

Xatırladaq ki, bu titula 2009-cu ildə İlham Əliyev (etüd bölməsində), 2016-cı ildə isə Kənan Vəlixanov (yardımmat bölməsində) layiq görülüblər.

Xəbər 183 dəfə oxundu.