“Qətər-2022”: İsveçrə millisi Kamerun yığmasına minimal hesabla qalib gəlib
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının G qrupunda mübarizəyə start verilib.

Qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda İsveçrə millisi minimal hesablı qələbə qazanıb – 1:0. Oyunda 48-ci dəqiqədə Bril Embolo fərqlənib.

Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 175 dəfə oxundu.