Dünya çempionatı 2022: Belçika millisi minimal hesablı qələbə qazanıb
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün son qarşılaşması keçirilib.

F qrupunda Belçika və Kanada yığmaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Belçikanın minimal hesablı qələbəsi ilə başa çatıb. 44-cü dəqiqədə Mişi Batşuayi matçın yekun nəticəsini müəyyənləşdirib- 1:0.

Qeyd edək ki, günün ilk matçında F qrupunda Mərakeş-Xorvatiya qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb. İkinci oyunu isə E qrupunda Almaniya və Yaponiya milliləri arasında olub. Görüş Yaponiya seçməsinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 33-cü dəqiqədə penaltidən Almaniya təmsilçisi İlkay Gündoğan vurub. Qalib komandadan isə 76-cı dəqiqədə Ritsu Doan tarazlığı bərpa edib. Takuma Asano isə 83-cü dəqiqədə Yaponiyanın qələbə qolunu vurub.

Günün üçüncü oyununda isə E qrupunda İspaniya və Kosta Rika yığmaları arasında keçirilib. Görüş İspaniyanın 7:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə Dani Olmonu açıb. 21-ci dəqiqədə fərqlənən Marko Asensio Pireney təmsilçisinin üstünlüyünü artırıb - 2:0. Ferran Torres 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib-3:0. F.Torres 54-cü dəqiqədə dublunu rəsmiləşdirib. İspaniyanın 5-ci qolunu isə 75-ci dəqiqədə Qavi vurub. 6-cı dəfə rəqibi meydanın mərkəzinə 90-cı dəqiqiqədə Karlos Soler dəvət edib. Avropa təmsilçisinin heyətində son nöqtəni isə 90+2-ci dəqiqədə Alvaro Morata qoyub.

Turnir ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 186 dəfə oxundu.