Futbol üzrə dünya çempionatı: Yaponiya komandası Almaniya yığmasına qalib gəlib
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında daha bir qarşılaşma keçirilib.

Günün ikinci oyunu E qrupunda Almaniya seçməsi ilə Yaponiya komandası arasında olub. Görüş Yaponiya seçməsinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 33-cü dəqiqədə penaltidən Almaniya təmsilçisi İlkay Gündoğan vurub. Qalib komandadan isə 76-cı dəqiqədə Ritsu Doan tarazlığı bərpa edib. Onun komanda yoldaşı Takuma Asano 83-cü dəqiqədə qələbə qolunu vurub.

Qeyd edək ki, günün ilk matçında, F qrupunda Xorvatiya-Mərakeş qarşılaşması qolsuz bərabərliklə yekunlaşmışdı.

Günün növbəti - son oyunu İspaniya ilə Kosta-Rika (E qrupu) arasında saat 20:00-da başlayacaq.

Turnir ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 167 dəfə oxundu.