Sneyderin Bakıya gəlməyəcəyi dəqiqləşdi
İtaliyanın “İnter” klubunun legioneri Uesli Sneyderin Azərbaycan gəlməyəcəyi dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, milanlıların Avroliqanın qrup mərhələsində oktyabrın 4-də “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionundakı matçda hollandiyalı yarımmüdafiəçisinin xidmətindən yararlanmaq ümidləri tam boşa çıxıb.

Bu, “İnter”in vitse-kapitanının “A” seriyasının son turunda “Kyevo”ya səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunda aldığı zədəsinin yekun müayinəsinin nəticəsi açıqlanandan sonra müəyyənləşib. Məlum olub ki, Sneyder ümumiyyətlə, oktyabrda meydana çıxa bilməyəcək. Həkimlərin proqnozuna görə, sol ayağında ciddi zədəsi olan Ueslinin bərpa olunmağına 1 ay vaxt lazım gələcək.

Bu da onun “Neftçi” ilə yanaşı, çempionatda “Fiorentina” ilə “Milan”la oyunları buraxacağının dəqiq olduğu deməkdir.
Qeyd edək ki, Sneyder “Kyevo” ilə oyunda artıq 26-cı dəqiqədə əvəzlənməli oldu

Xəbər 1029 dəfə oxundu.