Futbol üzrə dünya çempionatı 2022: Argentina millisi Səudiyyə Ərəbistanı yığmasına məğlub olub
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

C qrupunun ilk qarşılaşmasında Argentina və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər. Qarşılaşma Səudiyyə Ərəbistanı millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentinanı hesabda önə çıxarıb. Birinci hissə bu hesabla başa çatıb. Səudiyyə Ərəbistanı komandası ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib-1:1. Görüşün 49-cu dəqiqəsində Saleh Al Şehri fərqlənib. Oyunda son nöqtəni isə 53-cü dəqiqədə Salem Al Davsari qoyub. Beləliklə Səudiyyə Ərəbistanı turnirdə çempionluğa namizədlərdən biri olan Argentina seçməsini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, noyabrın 20-də dünya çempionatının açılış mərasimində ev sahibləri Qətər Ekvador millisi ilə qarşılaşıb. Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Noyabrın 21-də keçirilən günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında olub. Görüş İngiltərə millisinin 6:2 hesablı qalibiyyəti ilə başa çatıb. Digər oyunda A qrupunun ikinci matçında Niderland yığması Seneqalı 2:0 hesabı ilə məğlub edib. B qrupunun günün son matçında ABŞ yığması Uelslə üz-üzə gəlib. Matç 1: 1 hesabı ilə bitib.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.

Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparacaq.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş səkkiz komandadan yeddisi iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 195 dəfə oxundu.