Futbol üzrə dünya çempionatı: ABŞ millisinin Uels komandası ilə görüşü heç-heçə ilə başa çatıb
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

B qrupunun ikinci - günün son matçında ABŞ yığması Uelslə üz-üzə gəlib. “Əhməd ibn Əli” stadionunda keçirilən görüş 1: 1 hesabı ilə başa çatıb. Qolları ABŞ komandasında 36-cı dəqiqədə Timoti Vea, rəqib yığmasında isə 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl vurublar. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.

Qeyd edək ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında olub. Dohadakı “Xəlifə” stadionunda keçirilən görüş İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda - “Al-Tumama” stadionunda keçirilən A qrupunun ikinci matçında Niderland yığması Seneqalı 2:0 hesabla məğlub edib. Bu qrupda mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir.

Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər 224 dəfə oxundu.