Gimnastlarımız dünya çempionatında güclərini sınayıblar
Bolqarıstanın Sofiya şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 36-cı dünya çempionatı keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvü, batutçumuz Selcan Mahsudova və tambliqçimiz Mixail Malkin təmsil ediblər.

ötən il Bakıda keçirilən dünya çempionatının gümüş, bu il İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatının gümüş və bürünc medalçısı olan Mixail Malkin təəssüf ki, bu dəfə ən güclülərin yarışında təcrübəsindən maksimum yararlana bilməyib. O, dünya çempionatını 25 xalla 14-cü pillədə başa vurub.

Böyüklər arasında dünya çempionatında debüt edən Selcan Mahsudova isə 50.290 xalla 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, S.Mahsudova bu il paytaxtımızda keçirilən dünya kuboku yarışında gümüş medala sahib çıxıb, 2022-ci ildə iştirak etdiyi dörd dünya kuboku yarışından üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının kubokuna layiq görülüb.

Qarşıda gənc idmançılarımızı noyabrın 23-26-da eyni şəhərdə adıçəkilən idman növləri üzrə keçiriləcək dünya yaş qrupları yarışları gözləyir.

Bu yarışda ölkəmizi batut gimnastikası və tamblinq üzrə ümumilikdə 17 idmançı təmsil edəcək.

Xəbər 186 dəfə oxundu.