Şahmat üzrə millimiz dünya çempionatına qələbə ilə başlayıb
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması İsraildə təşkil olunan komandalararası dünya çempionatında uğurlu start götürüb.

çempionatın ilk günündə qruplarda iki tur oynanılıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan komandası ilk turda Özbəkistan şahmatçılarını məğlub edib - 2,5:1,5. Bu oyunda Şəhriyar Məmmədyarov və Rauf Məmmədov partiyanı qələbə ilə başa vurublar. Teymur Rəcəbov heç-heçə oynadığı halda Aydın Süleymanlı məğlub olub.

Günün ikinci görüşündə təmsilçilərimizin rəqibi ABŞ komandası olub. Millimiz bu dəfə 3:1 hesablı qələbə qazanıb. Yığmanın liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov görüşü qələbə ilə başa vurublar. Qədir Hüseynov və Vüqar Əsədli heç-heçəyə razılaşıblar.

Bu gün Azərbaycan millisi daha iki görüş keçirəcək. Günün ilk görüşündə Hindistan, ardınca isə Polşa rəqibimiz olacaq.

Xəbər 249 dəfə oxundu.