Canni De Byazi: Seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu
Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik.

Bu sözləri Skopyedə futbol üzrə Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu.

“Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. Avropa çempionatının seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Şimali Makedoniya – Azərbaycan matçı millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 178 dəfə oxundu.