Canni De Byazi: Şimali Makedoniya komandası yaxşı futbol nümayiş etdirir
Şimali Makedoniya millisi yaxşı komandadır. Yaxşı keyfiyyətli futbolçuları var. Əksər oyunçuları Avropada oynayır. İtaliya ilə matçlarını futbolçularımıza göstərdim. Düşünürəm ki, qələbə seriyasını davam etdirə bilərik.

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, bir az bəxt olsa, bir az da xarakter göstərsək bunu bacararıq. Futbolçularla söhbət zamanı nə etməli olduğumuzu bildirirəm. Moldova milli komandasına qarşı keçirdiyimiz son oyunda rəqib qapısına 18 zərbə endirdik. Oyunu daha tez yekunlaşdırmalı idik. Mahir Emreli qol imkanından maksimum yararlanaraq hesabı 3:0 etməli idi. Son dəqiqələrdə geri çəkildik və qapımızda qol gördük. İlk növbədə bu baxımdan inkişaf etməliyik.

Bu qarşılaşmalar seçmə mərhələ oyunlarına hazırlıq baxımından çox vacibdir. Qrupumuz çox çətindir. Martda güclü komandalara qarşı oyunlarımız olacaq. Həyatda heç vaxt heç nəyi bilmək olmaz. Təbii ki, ardıcıl qələbələr qazanmağımız futbolçuların özlərinə olan inamı daha da artırır. Futbolçularla söhbət zamanı bildirmişəm ki, yüksək keyfiyyətləri var. Buna əmin olmalıdırlar və bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər. Asan olmayacaq. İtirəcək bir şeyimiz yoxdur. Sona qədər mübarizə aparacağıq.

Emin Mahmudov deyib: “Ardıcıl qələbələr qazanmaq futbolçulara əlavə inam verir. Qələbə qazanmaq çox xoş hissdir. Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq. Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Ferdi Elmas, Enis Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər.

Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim. Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

Xəbər 336 dəfə oxundu.