“Paris-2024” Olimpiya Oyunlarının maskotları ilə bağlı müzakirə davam edir
Bir neçə gündür “Paris-2024” Olimpiya Oyunlarının maskotları ilə bağlı müzakirə davam edir. “Frij” (Phryges) adlanan “Paris-2024” maskotunun təqdimatından və onların Çində istehsal edilməsi ilə bağlı məlumatdan sonra Olimpiya və Paralimpya Oyunlarının təşkilatçıları ciddi tənqidlə üzləşiblər. Bir neçə ay ərzində 2 milyon maskotun necə hazırlanacağını bilmədiklərini deyən hökumətin sözçüsü Olivye Veran hesab edir ki, Çində fəaliyyət göstərən fransız şirkətlərini Fransaya köçməyə məcbur etmək lazımdır.

“Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarının “Frij” adlanan maskotlarının Çində istehsal olunacağı ilə bağlı məlumat cəmiyyətdə müsbət qarşılanmayıb. Fransa ekoloji keçid naziri Kristof Beşu isə oyunların keçirilməsinə bir neçə ay qaldığı bir vaxtda bu məsələnin həll edilməsinin mümkünlüyünə inanmaq istədiyini deyib.

Bu gün “France 2” televiziya kanalında çıxışı zamanı hökumətin sözçüsü O. Veran “struktur problemlərindən” təəssüfləndiyini bildirib. Diqqətə çatdırıb ki, Fransa bir neçə ay ərzində “Paris-2024” Olimpiya Oyunları üçün 2 milyon maskot istehsal edə bilməyəcək. Ölkədə kifayət qədər xammal və toxuculuq fabrikləri olmadığı üçün nə edəcəklərini bilmirlər.

“Bu, Fransanın illərdir fabriklərini itirməsi ilə əlaqəli struktur problemidir. Digər tərəfdən Çində fəaliyyət göstərən fransız şirkətlərini Fransaya köçməyə sövq etmək lazımdır",-deyə hökumət sözçüsü qeyd edib.

“Paris-2024” oyunlarının təmtəraqlı maskotları bu həftə Parisin mərkəzində “Les Halles” məhəlləsində yerləşən rəsmi mağazaya gəlməlidir.

Xəbər 179 dəfə oxundu.