AMPK ilə İtaliya və Filippin Paralimpiya komitələri arasında gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Berlində keçirilən növbədənkanar Baş Assambleyası çərçivəsində İtaliya Milli Paralimpiya Komitəsinin prezidenti Luka Pankalli və Fillippin Milli Paralimpiya Komitəsinin rəhbəri Maykl Barredo ilə görüşüb.

Görüş zamanı İ.Rəhimov Azərbaycanda Paralimpiya hərəkatının inkişafı, əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası, ölkənin idman siyasəti, eləcə də dünyada ilk dəfə olaraq yaradılan uşaq Paralimpiya hərəkatının fəaliyyəti barədə məlumat verib. Paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin olduqca vacib olduğunu qeyd edən Komitə rəhbəri Prezident İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Eyni zamanda, İ.Rəhimov IBSA-nın fəaliyyəti, təşkilatda mövcud olan idman növləri barədə geniş məlumat verərək bildirib ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə qurum tərəfindən tədbirlər görülür. Bundan əlavə, müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. O, İtaliya və Fillippin Paralimpiya komitələrinin IBSA-nın fəaliyyətində yaxından iştirak etdikləri üçün qurumların prezidentlərinə təşəkkürünü bildirib.

Görüş iştirakçıları öz növbələrində Azərbaycanda Paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirərək ölkələr arasında bu istiqamətdə sıx əməkdaşlığın vacibliyini bildiriblər.

Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

Xəbər 166 dəfə oxundu.