Rahilə Hüseynzadə Türkiyədə keçirilən xatirə turnirində bürünc medal qazanıb
Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.

Noyabrın 15-dən 17-dək keçirilən yarışda 16 ölkədən 72 atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Komandamızdan körpücük üzərinə son olaraq “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Rahilə Hüseynzadə çıxıb. O, 76 kiloqram çəki dərəcəsində yarışıb. Atletimiz birdən qaldırma hərəkətində 82 kiloqramla və təkanla qaldırmada isə 97 kiloqramla 4-cü yeri tutub.

Ümumilikdə 179 kiloqram (82+97) nəticə göstərən Rahilə Hüseynzadə yekun sıralamada 3-cü olaraq bürünc medal qazanıb.

Azərbaycan yığması yarışı 6 medalla başa vurub. Rahilə Hüseynzadədən başqa Nazilə İsmayılova (Mərkəzi Ordu İdman Klubu) 49 kiloqram çəki dərəcəsində 3 bürünc, Tehran Məmmədov (“Buta” Ağır Atletika Klubu) 67 kiloqram çəki dərəcəsində və Ömər Cavadov (“Zirvə” Beynəlxalq İdman Klubları) 73 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş medal qazanıblar.

Xəbər 179 dəfə oxundu.