Qətər Əmiri FIFA-nın Əməliyyat Mərkəzində olub
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani futbol üzrə dünya çempionatı ərəfəsində FIFA-nın Dohadakı Əməliyyat Mərkəzini ziyarət edib.

FIFA-nın prezidenti Canni İnfantino bu mərkəzin fəaliyyəti barədə Qətər Əmirinə məlumat verib. O qeyd edib ki, burada yüksək peşəkarlıq səviyyəsinə malik olan mütəxəssislər noyabrın 20-dən dekabrın 18-dək oynanılacaq 64 matçın hər birinə nəzarət edəcəklər. Mərkəzin əməkdaşları, həmçinin qonaqların qarşılanması, görüşlərin, brifinqlərin təşkili məsələlərini də həyata keçirəcəklər.

Görüşdən sonra bildirilib ki, məşhur italyan hakim Pyer Luici Kollinanın rəhbərlik etdiyi FIFA-nın Hakimlər Komitəsi noyabrın 18-də Dohada mətbuat konfransı keçirəcək. Konfransda FIFA-nın hakimlər direktoru Massimo Busakka və texnologiya və innovasiyalar üzrə direktoru Yohannes Holtsmüller iştirak edəcəklər. Hazırda dünya çempionatının oyunlarını idarə edəcək hakimlər Qətər stadionlarında yekun hazırlıq düşərgəsində iştirak edirlər.

Qeyd edək ki, dünya çempionatının oyunlarını 36 hakim, 69 köməkçi hakim və 24 VAR hakimi idarə edəcək.

Xəbər 201 dəfə oxundu.