Nuriyev Yaqub Qayubqulu oğlu

Nuriyev Yaqub Qayıbqulu oğlu 1953-cü il iyul ayının 10-da Zəngəzur mahalının Sisyan rayonunda anadan olub.

1970-ci ildə Sofulu kənd orta məktəbini bitirərək ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər Yeni Bakı Neftayırma zavodunda çilingər işləyib. O vaxtlar zavodun çoxtirajlı “Neftayıran” qəzetində idman mövzusunda çıxışlar edib.

1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və o vaxtdan həmin ali təhsil ocağının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kafedrasının baş müəllimidir.

1974-cü ildən respublika mətbuatı, xüsusilə “İdman”, “Azərbaycan gəncləri”, “Bakı” qəzetləri və Azərbaycan radiosu ilə əməkdaşlığa başlayıb. Radioda ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinədək yüksəlib və 2009-cu il oktyabrın 1-dək həmin təşkilatda çalışıb. 6 dəfə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan İdman Jurnalistlər Assosiyasiyasının mükafatları ilə təltif olunub, dəfələrlə ilin ən yaxşı idman jurnalisti seçilib. 2003-cü ildə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Hazırda Azərbaycan Otüstü Hokkey Federasiyasının “İnformasiya və ictimayətlə əlaqələr şöbəsi”nə rəhbərlik edir.

Ailəlidir, 1 oğlu, 2 qızı, 2 nəvəsi var.

Xəbər 4027 dəfə oxundu.