Azərbaycan şahmatçıları Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər
Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında yeddinci tura yekun vurulub.

12 yaşlı oğlanların mübarizəsində şahmatçımız Əhməd Xaqan 7 oyundan 6,5 xal toplamaqla liderliyini davam etdirir. İkinci pillədəki Türkiyə təmsilçisi Yigit Karaca ondan yarım xal geri qalır.

On altı yaşadək oğlanların yarışında Cahandar Azadəliyev 5,5 xalla ikinci pillədə qərarlaşıb. Bu yaş kateqoriyasında lider olan polşalı Jan Malek onu 1 xal qabaqlayır.

On yaşlı qızların yarışında iki iştirakçı eyni xal toplayıb. Yunanıstanlı Marianta Lampou və Azərbaycan şahmatçısı Leyla Mirzəliyeva hərəyə 6,5 xal toplayaraq ilk pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.

Xəbər 177 dəfə oxundu.