Bakı kənd və qəsəbələri arasında futbol turnirinin final görüşünə həsr olunan mətbuat konfransı keçirilib
Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı kənd və qəsəbələri arasında futbol turnirinin final görüşünə həsr olunan mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov turnirin keçirilməsində əsas məqsədin uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda, idmanın kütləviliyi olduğunu bildirib. F.Hüseynov yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşağın cəlb olunduğunu və turnirə böyük marağın yarandığını söyləyib.

AFFA-nın uşaq-gənclər iş şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva təmsil etdiyi qurumun daim uşaq yarışlarına dəstək olduğunu vurğulayıb. Onun sözlərinə görə, Bakı kənd və qəsəbələri arasındakı turnir paytaxtda uşaq futbolunun inkişafında özünəməxsus rol oynayacaq.

Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva Bakı kəndlərini təmsil edən 32 komandanın iştirak etdiyi turnirin həm də sağlam həyat tərzini təbliğ etdiyini deyib. Təmsil etdiyi qurumun futbolla yanaşı, cüdo üzrə yarışları da təşkil etdiyini qeyd edən L.Əliyeva turnirin yeniyetmə futbolçular arasında böyük rəqabətə səbəb olduğunu sözlərinə əlavə edib.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Cabbarov turnirin oyunlarının yutub kanalı vasitəsi ilə canlı yayımlandığını və bütün matçların şərh olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən “Səbail” Akademiyasının rəhbəri Mirbağır İsayev, “Neftçi” Akademiyasının direktoru Cemal Bülbül, “Sumqayıt” Uşaq Akademiyasının meneceri Fərhad Həsənov, “Qarabağ” Uşaq Akademiyasının koordinatoru Tacəddin Doğan, “Zirə” klubunun nümayəndəsi Komen Vasilev, “Sabah” Akademiyasının koordinatoru Adino Mustedanaqiç uşaqlar arasında turnirin təşkilatçılığını yüksək qiymətləndiriblər. M.İsayev əksər oyunları izlədiklərini və bəzi uşaqlarla maraqlandıqlarını bildirib. F.Həsənov isə növbəti turnirlərdə Sumqayıt təmsilçilərinin iştirak etmək istədiyini söyləyib.

Bakı kənd və qəsəbələri arasında futbol turnirinin ənənəvi olacağı gözlənilir.

Xatırladaq ki, noyabrın 12-də yarışda yarımfinal oyunları keçiriləcək.

Turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Final günü, həm də tamaşaçılar üçün Azərbaycan estrada ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Xəbər 181 dəfə oxundu.