“Zəfər” həvəskar voleybol turnirinin final oyunu keçirilib
“Bir Könüllü” tələbələrin əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil” Respublika İdman Mərkəzinin “Zağulba” tədris-idman bazasında 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin şanlı Qələbəsinə həsr olunan “Zəfər” həvəskar voleybol turnirinin yarımfinal və final oyunu keçirilib.

Turnirin iştirakçıları yarışdan əvvəl İkinci Fəxri xiyabanda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıb, məzarları önünə gül dəstələri düzüblər.

Oktyabrın 20-dən etibarən start verilən turnirə orta və ali təhsil müəssisələrində təhsil alan 224 tələbədən ibarət 32 komanda mübarizəyə qoşulub. Turnir İkinci Qarabağ müharibəsində canları bahasına xalqımıza qələbə qazandıran mərd mübarizlərin xatirəsini anmaq, gənc nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə vermək, eyni zamanda, tələbələr arasında sosial əməkdaşlığın, komanda işinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Gərgin mübarizə şəraitində keçən oyunda “Sparta“ komandası ən yaxşı nəticə göstərərək birinci yerə layiq görülüb. “Hawkins” komandası ikinci yerə, “Zəfər” komandası isə üçüncü yerə yiyələnib.

Qalib komandalara müvafiq dərəcəli diplom və medallar, həmçinin müxtəlif hədiyyələr təqdim olunub.

Turnirin final görüşünü kişilərdən ibarət “Sərhədçi” voleybol komandasının baş məşqçisi Qüdrət Məlikov idarə edib.

Xəbər 273 dəfə oxundu.