Ufuk Budak zədə səbəbindən hazırlıqdan kənarda qalıb
Azərbaycan millisinin futbolçusu Ufuk Budak 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə səfər matçını da buraxmalı olacaq. Türkiyə Superliqasında “Əskişəhərspor”da oynayan sol cinah oyunçusu zədə səbəbindən hazırlıqdan kənarda qalıb.

Millimizin İsrail və Portuqaliya ilə rəsmi oyunlarına çağırılsa da, sonradan zədə səbəbindən heyətdən çıxarılan Ufuk müalicəsini davam etdirir. Superliqadakı yeganə təmsilçimiz bu üzdən komandasının növbəti turda sentyabrın 30-da “İstanbul Böyükşəhir Bələdiyyəspor”la ev oyunununda da forma geyinməyəcək.

Diz nahiyəsində yırtığı yaranan Budak müayinə olunmaq üçün Almaniyaya yollanıb. Onun zədəsi ciddi olduğundan, bir müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Belə olan halda, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun oyun praktikası sarıdan korluq çəkən milliləşdirilən legionerə bu dəfə heç dəvət göndərməyəcəyini deyə bilərik.

Qeyd edək ki, millimiz Rusiya ilə oktyabrın 16-da Moskvada “Lokomotiv” stadionunda üzləşəcək.

Xəbər 1096 dəfə oxundu.