Azərbaycan Taekvondo Federasiyasının prezidenti dünya çempionatına yollanacaq millimizin üzvləri ilə görüşüb
Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Meksikanın Qvadalaxara şəhərində keçiriləcək dünya çempionatına yollanacaq milli komandanın üzvləri ilə görüşüb.

Görüşdə ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, İdarə Heyətinin üzvləri, yığmaların məşqçilər korpusu və taekvondoçular iştirak ediblər.

Taekvondoçuların hazırkı durumu ilə maraqlanan K.Heydərov yarışda idmançılardan uğur gözlədiyini bildirib. O, millinin iştirak etdiyi dünya çempionatlarından daim uğurla qayıtdığını xatırladaraq, bu dəfə də onların inamlı çıxışına ümid etdiyini vurğulayıb.

Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandost və qadınlardan ibarət komandaya rəhbərlik edən Səbuhi Zülfüqarov taekvondoçularımızın hazırlığı barədə məlumat veriblər. Onlar komandaların məşqlərinin plana uyğun getdiyini və yarışa tam hazır olduqlarını söyləyiblər. Ən güclü taekvondoçularla Qvadalaxaraya yollanacaqlarını vurğulayan mütəxəssislər Meksikada Azərbaycan Himnini səsləndirmək və bayrağını yüksəklərə qaldırmaq üçün çalışacaqlarını deyiblər.

ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də komandanın hazırkı durumundan razı olduqlarını və taekvondoçuların yenə də xalqımıza sevinc yaşadacaqlarına inandıqlarını qeyd ediblər. Onlar vurğulayıblar ki, lazımi təlim-məşq toplanışları və yarışlarda iştirak belə deməyə əsas verir.

Sonda yığmamızın üzvləri də dünya çempionatında medal qazanmaq üçün əzmkarlıq nümayiş etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, mundialda ölkəmizi 8 taekvondoçu təmsil edəcək. Dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaqlar. Qvadalaxaraya noyabrın 9-da yollanacaq komanda Vətənə ayın 24-də qayıdacaq.

Xəbər 224 dəfə oxundu.