Əzimov Abas Əzim oğlu - VƏFAT EDİB
Əzimov Abas Əzim oğlu 1936-cı il dekabrın 19-da Bakı şəhərində anadan olub. Bakı neft texnikumunda oxuduğu illərdə (1956-1959) «Dinamo» cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edərək 5000 və 10000 metr məsafələrə qaçanlar arasında mükafata layiq yerləri tutub. Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində (1961-1967) ali təhsil alıb. O, ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlarla təltif edilib. A.Əzimov Azərbaycan və Bakı çempionatlarında «Dinamo»nun şərəfini qoruyub.
Universitetdə oxuduğu illərdə hakimliyə başlamış, 1962-ci ildə respublika, 1969-cu ildə isə Ümumittifaq dərəcəli hakim adını qazanmışdır. 1980-cı ildə Moskvada keçirilən XXII yay Olimpiya Oyunlarında hakimlik edib. Gözəl hakimliyinə görə o, Olimpiadanın xatirə medalına layiq görülüb. Bundan əlavə o, Avropa çempionatı, Avropa Kuboku, «Dostluq–84» və bir çox beynəlxalq turnirlərin hakimi olub. A.Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətində idman proqramları redaksiyasında redaktor və baş redaktor müavini vəzifələrində çalışıb. 1995-ci ilin idman yekunlarına görə A.Əzimov ilin ən yaxşı idman jurnalisti sayılıb. 1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) üzvüdür.
1997-ci ilin aprelindən indiyədək Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) işləyir. 2008-ci ildən AFFA-da yaranan futbol muzeyinin direktorudur. «Neftçi-70», «Xatirələrdə yaşayanlar» və «Futbolumuzun futzal səlnaməsi» kitablarının müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə A.Əzimov 2008-ci ildə «Əməkdar jurnalist» fəxri adına layiq görülüb.
21 dekabr 2016-cı il tarixdən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
A.Əzimov 31 avqust 2018-ci il tarixdə vəfat edib.

Xəbər 3715 dəfə oxundu.