Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub
Noyabrın 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Vətən deyəndə” sənədli filminin təqdimat mərasimi keçirilib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Elm və Təhsil şöbəsinin mudiri Vüqar Əhmədov, Akademiyanın rektoru Fuad Hacıyev, həmçinin professor-müəllim, inzibati heyət və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Daha sonra ASAPES Multimedia
Mərkəzinin istehsalı olan “Vətən deyəndə” sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, ASAPES-in II Qarabağ müharibəsində şəhid olan 14 məzununun xatirəsinin əbədiləşdirilməsi məqsədilə 14 silsilə sənədli film hazırlanaraq ərsəyə gətirilib. Şəhid məzunlarımızın ailələri üçün onların həyat yolunu əks etdirən xatirə çərçivəsi, planşet, həmçinin içərisində 2 sənədli film olan yaddaş kartıından ibarət hədiyyə paketi hazırlanıb.

Bundan başqa, şəhid məzunların adına fəxri təqaüd təsis olunub və onların hər birinin adı auditoriyalara verilib.

Xəbər 2257 dəfə oxundu.