Ziniçev Qrünün “Rabitə”yə keçidinə təəssüflənir
“Qrün yayın sonuna kimi karyerası ilə bağlı qərar vermək istəmirdi. Amma sonda “Rabitə”dən maddi baxımdan çox sərfəli təklif aldı”. İdman.com.az saytının məlumatına görə, bunu “Dinamo” (Moskva) voleybol klubunun baş direktoru Vladimir Ziniçev Rusiya mətbuatına müsahibəsində deyib. Ziniçev dünyanın məşhur voleybolçulardan sayılan, ötən mövsüm kapitanları olan Anqelina Qrünün “Rabitə”yə keçidinə münasibət bildirib.

Onun sözünə görə, Rusiyada legionerlərlə bağlı limit məsələsi bahalı oyunçuları saxlamaqlarına imkan verməyib: “Anqelina “Rabitə”nin heyətində klublararası dünya çempionatına mübarizə aparacaq. Amma indiyədək bu turnirdə iştirak etməyib. Biz son anadək ümid edirdik ki, federasiya əcnəbi oyunçuların sifarişi ilə bağlı sıralamaya baxacaq. Rusiyada legionerlərin mövsümə sifariş olunma qaydalarına görə bahalı voleybolçunu yalnız Çempionlar Liqasında oynatmağa görə pul vermək bizim cibimizə uyğun deyil”.

Baş direktor bu səbəbdən Qrünü saxlaya bilmədiklərinə və nəticədə komandasının zəifləməsinə üzülür: “Anqelina ötən mövsüm həlledici görüşlərdə mühüm rol oynadı. O, unikal oyunçu, əla insandır. Qrün komandanın formalaşmasına əhəmiyyətli töhfə verdi, kapitanımız oldu”.

Xəbər 987 dəfə oxundu.