"Olimpik Şəki" komandası Azərbaycan Basketbol Liqasında ilk qələbəsini qazanıb
"Sərhədçi" İdman Mərkəzində iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) dördüncü turuna start verilib.

Turun açılış oyununda NTD və "AAAF Xırdalan" üz-üzə gəliblər. İki dəfə əlavə vaxtın oynanıldığı qarşılaşmanın yekununda NTD komandası rəqibinə 99:97 hesablı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular NTD-dən Stenford Vilyam (22 xal- 9 ribaund ), "AAAF Xırdalan"dan isə Endryu Korum (26 xal - 18 ribaund) olublar.

Günün ikinci oyununda paytaxt klubu "Neftçi" region təmsilçisi "Olimpik Şəki" basketbolçuları ilə qarşılaşıb. Oyuna fəal başlayan region basketbolçuları yekunda 76:73 hesabı ilə qələbə qazanıblar. Bu, komandanın çempionatda ilk qələbəsidir.

Oyunda "Neftçi"nin heyətində Zaur Quşanov (22 xal), rəqib komandadan isə Delvin Haf (34 xal - 5 ribaund) məhsuldar basketbolçular olublar.

Qeyd edək ki, dördüncü turun digər iki görüşü - "Sabah" - "Gəncə" və "Zirvə Astara" - "Sərhədçi" noyabrın 5-də "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Xəbər 239 dəfə oxundu.