Azərbaycanın U-19 komandası Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
Noyabrın 3-də, Bakı vaxtı ilə saat 16:30-da final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək 19 yaşadək futzalçılar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq.

Cari mövsümdə 36 komanda iştirak edəcək və onlardan ev sahibi Xorvatiya mübarizəyə ancaq final mərhələsində qoşulacaq. Qalan 35 komandadan reytinq cədvəlində ən zəif göstəriciyə malik 10 milli yarışa ilkin mərhələdən start verəcək. İlkin mərhələdə iştirak edəcək komandalar 3 qrupa bölünəcək. A qrupunda 4, digər iki qrupun hər birində 3 yığma yer alacaq. Yalnız qrup qalibi komandalar əsas mərhələyə yüksələcək.

Əsas mərhələdə 28 komanda iştirak edəcək. Reytinq cədvəlinin üst sıralarında yer alan 25 komandaya ilkin mərhələdən 3-ü qoşulacaq. Bununla da 28 iştirakçı hər birində 4 komanda olmaqla 7 qrupda yarışacaq. Bu mərhələnin ilk 4 qrupuna ev sahibliyi edəcək komandalar namizədliyini irəli sürüb. 5, 6 və 7-ci qrupların oyunlarının hansı ölkədə keçiriləcəyi isə məlum deyil. Əgər bu qruplarda yer alan komandalardan hansısa biri noyabrın 17-dək mini-turniri qəbul etməklə bağlı qərar qəbul etməsə, ev sahibi komandanı UEFA müəyyənləşdirəcək.

Azərbaycan millisi ikinci səbətdə yer alacaq.

Gələn il yanvarın 17-22-də ilkin, martın 21-26-da əsas, sentyabrın 3-10-da final mərhələsi keçiriləcək.

Xəbər 191 dəfə oxundu.