Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Gimnastika hamı üçün” tədbiri keçirilib.

Tədbiri Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Azərbaycan Gimnastika Federasiyası və Sosial Xidmətlər Agentliyi birgə təşkil edib.

Tədbirdə “Gimnastika hamı üçün” növü üzrə Azərbaycanın “Qızıl yaş” komandasının (50 yaş və yuxarı) çıxış proqramı təqdim olunub. Müəssisə sakinləri üçün ustad dərsi və gimnastika mütəxəssislərinin müşayiəti ilə isinmə, gimnastika, rəqs hərəkətlərindən ibarət ümumi məşğələlər keçirilib.

Məqsəd yaşlı nəsil arasında sağlam həyat tərzinə marağın artırılması, ahılların asudə vaxtının səmərəli təşkilidir.

Layihə çərçivəsində mütəxəssislər tərəfindən ahıllar üçün mütəmadi olaraq master-klasların təşkil olunması nəzərdə tutulub.

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində son illərdə müasir tələblərə uyğun şərait yaradılıb. Beşmərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilməklə çarpayı sayı 300-ə çatdırılıb. Müəssisədə hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və sair ilə təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar ahılların istifadəsindədir.

Qeyd edək ki, hazırda ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dək ahıl şəxs yaşayır.

Xəbər 243 dəfə oxundu.