Bakı kənd və qəsəbələri arasında futbol turnirinin səkkizdəbir final mərhələsinə yekun vurulub
Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilən Bakı kənd və qəsəbələri arasında futbol turnirində səkkizdəbir final mərhələsi başa çatıb.

32 kənd və qəsəbənin uşaq futbol komandaları arasında təşkil olunan turnir böyük marağa səbəb olub. Səkkizdəbir final mərhələsinin oyunlarında da balaca futbolçular bir-birindən maraqlı qollarla yadda qalıblar. Bu mərhələdə qələbə qazanan “Ramana”, “Sabunçu”, “Mehdiabad”, “Məmmədli”, “Yeni Suraxanı”, “Əhmədli”, “Mərdəkan” və “Binə” komandaları mübarizəni dörddəbir finalda davam etdirəcəklər.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunub. İlk mərhələdə 8 qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Xəbər 206 dəfə oxundu.