Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə start verilib
Oktyabrın 29-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş mini futbol turnirinə start verilib

Turnirin açılış mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Qurumun İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev çıxış edərək 44 günlük Vətən Müharibəsindən bəhs edib, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edənlər arasında DVX əməkdaşlarının da olduğunu diqqətə çatdırıb.

Vətən müharibəsi iştirakçısı, DVX-nin Sənədlərlə iş və icra intizamına nəzarət baş idarəsinin rəis müavini Elçin Əmirov keçdiyi döyüş yolundan danışıb, xatirələrini bölüşüb.

Açılış mərasimindən sonra turnirə start verilib. Yarışda DVX Aparatının və xidmətin strukturuna daxil olan qurumların 17 komandası iştirak edir.

Altı həftə davam edəcək turnirin sonunda qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları təqdim olunacaq.

Xəbər 340 dəfə oxundu.