“Murov” voleybol klubu avrokuboklardakı növbəti oyunlarını da Bakıda keçirəcək
Kişi voleybolçulardan ibarət “Murov” komandası avrokuboklardakı növbəti oyunlarını da evdə keçirəcək.

Çağırış kuboku yarışında mübarizə aparan “Murov” 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə öz meydanında görüşəcək.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-dəki ilk görüşdə meydan sahibi Avstriya təmsilçisi olacaq. Ertəsi gün keçiriləcək cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaq.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 222 dəfə oxundu.