Yunan-Roma güləşçilərinin dünya kubokuna hazırlığı ilə bağlı açıq məşq keçirilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi paytaxtda keçiriləcək dünya kuboku üçün növbəti məşqinə çıxıb.

Komandanın yarışda iştirak edəcək bütün üzvlərinin qatıldığı hazırlıq mətbuat üçün açıq olub.

Yığmanın açıq məşqindən əvvəl brifinq keçirilib. Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov brifinqdə yarışa ciddi hazırlaşdıqlarını və güləşçilərin yaxşı formada olduqlarını bildirib.

O qeyd edib ki, dünya çempionatı nüfuzlu yarışdır və güləşçilərimiz məsuliyyəti yaxşı başa düşürlər: “Qrupumuzda çox güclü komandaların yer almasına baxmayaraq pəhləvanlarımız qələbəyə kökləniblər”.

Yığma komandanın üzvü Rafiq Hüseynov deyib ki, rəqibin kimliyinin komandamız üçün çox da fərqi yoxdur. Azərbaycanın yunan-Roma güləşi yığması Avropa çempionu və dünya ikincisidir.

Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, dünya kubokunda zəif komanda olmur və qalib gəlmək üçün yığma lazımi hazırlıq keçib: “Bu nüfuzlu yarışa yüksək səviyyədə hazırlaşmışıq. Düşünürük ki, doğma divarlar da bizə kömək olacaq”.

Təcrübəli güləşçi vurğulayıb ki, uzun zamandır zədədən əziyyət çəksə də, yarışdan əvvəl bu barədə düşünmək istəmir: “Həkimlər çiyin nahiyəsindən əməliyyat olunmağımı məsləhət görsələr də, komandamın yanında olmaq üçün imtina etdim. Əsas odur ki, qələbə əzmi olsun. Öz çəki dərəcəmdə (82 kq) lider olduğuma görə yığma üzvlərini tək buraxa bilməzdim. Dünya kubokundan sonra əməliyyatım haqqında düşünəcəyəm”.

Yığma komandanın digər üzvü ikiqat dünya və Avropa çempionu Eldəniz Əzizli Bakının ev sahibliyi edəcəyi bu mötəbər turnirdə ölkəmizdə güləşin nə qədər güclü olduğunu göstərmək istədiklərini vurğulayıb. “İlin ilk yarısında Avropa çempionu adına layiq görüldük, sonra isə komandamız dünya ikincisi adını qazandı. Doğma şəhərimizdə güləşdiyimiz üçün dünya kubokunda qələbə bizim üçün çox vacibdir. Bütün gücümüzü toplayıb yarışda yüksək səviyyədə çıxış etmək istəyirik”.

Qeyd edək ki, güləş üzrə dünya kuboku Bakı İdman Sarayında noyabrın 5-6-da keçiriləcək.

Xəbər 256 dəfə oxundu.