Həndbol üzrə respublika çempionatının görüşlərini idarə edəcək hakimlər üçün iclas keçirilib
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakıda həndbol üzrə 29-cu respublika çempionatına start veriləcək. “AHF Arena”da təşkil olunacaq yarışda 7 kişi və 5 qadın komandası mübarizə aparacaq.

Oktyabrın 27-də Azərbaycan Həndbol Federasiyasında yarışın görüşlərini idarə edəcək hakimlər üçün iclas keçirilib. İclası Hakimlər kollegiyasının sədri Ələkbər Ağakişiyev aparıb.

Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov çıxış edərək həndbol qaydalarında edilmiş dəyişikliklər barədə məlumat verib. Bildirib ki, yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq. Eyni zamanda hər komandanın rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcəyi diqqətə çatdırılıb.

Sonra Ə.Ağakişiyev nizam-intizam meyarları və cərimələr haqqında danışıb.

İclasda bu və digər məsələlərlə bağlı təklif və fikirlər dinlənilib.

Sonda iştirakçılara geyim forması təqdim olunub, yeni mövsümdə onlara uğurlar arzulanıb.

Xəbər 242 dəfə oxundu.