Mingəçevir gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər
Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin bədii gimnastika üzrə komandası Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışlarında iştirak etmək üçün paytaxtımıza gəliblər.

Məşqlərin təşkilində məqsəd idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də dekabrın 8-11-də Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika bölməsi 2016-cı ildən fəaliyyət göstərir. Bölmədə 86 gimnast məşğul olur.

Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastların paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirakı nəzərdə tutulur.

Xəbər 209 dəfə oxundu.