Bakının “Sabah” klubu baş məşqçi Murad Musayevlə müqaviləni yeniləyib
Bakının “Sabah” klubu baş məşqçi Murad Musayevlə yeni müqavilə bağlayıb.

Anlaşmaya əsasən, rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha bir il – 2024-cü ilin mayınadək uzadılıb.

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib: “M.Musayevlə yeni müqavilə bağladığımıza görə çox şadam. Komandamız M.Musayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Bu, sərgilənən futbolda özünü açıq şəkildə göstərir. O, komandaya bizim klub olaraq arzuladığımız futbol fəlsəfəsini aşılayır. İnanıram ki, yeni anlaşma hər iki tərəf üçün uğurlu olacaq və birlikdə öz hədəflərimizə çatacağıq”.

Baş məşqçi bildirib ki, klubun bir parçası olduğuma görə çox məmnunam. Addım-addım daha da güclənməliyik. Qarşıda görülməli olan çox iş var. Hər gün ürəklə çalışaraq, bundan sonra da azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Qeyd edək ki, M.Musayev 2021-ci il oktyabrın 30-dan “Sabah”ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında keçirdiyi 33 oyunun 20-dən qələbə ilə ayrılıb.

Xəbər 201 dəfə oxundu.