Neftçalada “Sağlam bədəndə sağlam ruh” devizi ilə kross və gimnastika üzrə yarış keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Neftçala şəhər stadionunda gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi ilə idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib.

Tədbirdə nazirliyin, Neftçala Rayon Polis Şöbəsinin, şəhər gənclər və idman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilb.

Sonra isə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Nazirliyin İdman Cəmiyyətinin əməkdaşı, polis polkovnik-leytenantı Zaur Məcidov və digər iştirakçılar çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin nazirlik sistemində təhsilə və xidmətə təşviq edilməsidir.

Daha sonra yarışlara start verilib və gənclər yarışların proqramında müəyyən olunan marşrut üzrə 1000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər.

Yarışların sonunda hər bir hərəkət üzrə birinci, ikinci və üçüncü yerləri tutan idmançılar DİN-nin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Xəbər 196 dəfə oxundu.