Meksika rekorda gedir
Meksikanın futbol federasiyası tarixində 3-cü dəfə dünya çempionatını keçirmək istəyir. İdman.com.az saytının məlumatına görə, amerikalılar bunu 2026-cı ilə planlaşdırırlar. Bu ölkə ilk dəfə mundialı 1970-ci ildə qəbul ediblər. Daha sonra isə 1986-cı il dünya çempionatına ev sahibliyi ediblər. Federasiyanın fikrincə, məhz bu fakt Meksika ərizəsinin etibarlığına FİFA rəsmilərini inandıra bilər.

Federasiya rəhbəri Xustino Kompean deyib: «Meksika artıq 2 dəfə dünya çempionatlarını qəbul edib. Biz daha bir turnir keçirmək hüququnu əldə etmək istəyirik. Ölkədə futbol infrastrukturu yaxşı inkişaf edir. Bu səbəbdən bizim təşkilati baxımdan heç bir problemimiz olmayacaq».

Əslində 1986-cı ildə çempionatı Kolumbiya təşkil etməli idi. Lakin həmin ölkənin hökuməti buna hazır olmadığını birdirəndə yarışın təşkili Meksikaya həvalə olundu. Bu yarış da dünya futbol tarixinin ən yaddaqalan çempionatlarından oldu. Tribunaların məşhur «Meksika dalğası» da məhz həmin zaman yaranıb.

İndiyədək İtaliya (1934, 1990), Fransa (1938, 1998) və Almaniya (1974, 2006) iki dəfə mundiala ev sahibliyi ediblər. Braziliya da 2 ildən sonra bu sıraya qoşulacaq (1950, 2014). 2026-cı ilin mundialı Meksikaya verilərsə, bu ölkə tarixdə 3 dəfə dünya çempionatına ev sahibliyi edən ilk dövlət olacaq.

Xəbər 1002 dəfə oxundu.