“Arzu kuboku” uğrunda konkur yarışları keçirilib
“Sərhədçi” Atçılıq Mərkəzinin açıq manejində “Arzu kuboku” uğrunda konkur yarışları keçirilib.

“E” və “M” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

Turnirin birinci günündə “E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar Bakı birinciliyi uğrunda güclərini sınayıblar.

15 idmançının iştirak etdiyi mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Murad Əlizadə “Light Limerick” ləqəbli atla birinci, həmin məktəbin təmsilçisi İlham Əlizadə “Sina” ləqəbli atla ikinci yerin sahibi olub. Üçüncü yerdə isə “Elit Atçılıq klubu”nun idmançısı Məryəm Lütfəlibəyova “Valonka” ləqəbli atla qərarlaşıb.

“Arzu kuboku” uğrunda turnirin ikinci günündə isə 125-130 santimetr hündürlükdə yerləşdirilən maneələrdən ibarət “M” kateqoriyalı yarışda 14 at iştirak edib. “Buta Golden Atçılıq Klubu”nun idmançısı Eqor Morotskiy “Astrello” ləqəbli atla rəqiblərinə qalib gələrək “Arzu kuboku”nun sahibi olub. “Sərhədçi” Atçılıq Klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla 2-ci yerə yüksəlib. Üçüncü yerin sahibi isə “Cera 59” ləqəbli atla “Elit Atçılıq Klubu”nun nümayəndəsi Anar Hümbətov olub.

Sonda qaliblər diplom, medal və kubokla təltif ediliblər.

Xəbər 329 dəfə oxundu.