Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası qısa zaman çərçivəsində çox ciddi uğurlara imza atıb
Bu gün avarçəkmə üzrə “Mingəçevir reqatası”nın bağlanış mərasimidir. Bu, Azərbaycanın idman həyatında möhtəşəm hadisədir. Həmçinin ictimai-siyasi həyatımızda da mühüm hadisədir. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası son dövrlər fəaliyyətini yüksək səviyyədə qurub.

Bu sözləri avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”ni izləyən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli oktyabrın 23-də jurnalistlərə müsahibəsində deyib.

Ə.Hüseynli bildirib ki, bu ilin mayında ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Prezident kuboku” reqatası işğaldan azad olunmuş Suqovuşanda təşkil olunub: “Həmin vaxt bu adi idman yarışı deyildi. Yarışa qatılmış ölkələr və dünya ictimaiyyəti üçün ölkəmizin işağdan azad olunmuş əraziləri insanlar, sülh və idman üçün necə istifadə etdiyinin göstəricisi oldu. “Mingəçevir reqatası” da Suqovuşanda başladı, artıq Mingəçevirdə bağlanış mərasimi təşkil olunacaq. Mayda təşkil olunan yarışa 4 ölkə qatılmışdısa, “Mingəçevir reqatası”nda 10-dan artıq ölkə iştirak edir”.

Reqata çərçivəsində bir çox ölkə federasiyalarının nümayəndələri ilə görüşlərin təşkil olunduğunu diqqətə çatdıran Ə.Hüseynli Mingəçevir və Azərbaycan idman ictimaiyyətini mötəbər yarış münasibətilə təbrik edib.

Ə. Hüseynli vurğulayıb ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası qısa zaman çərçivəsində çox ciddi uğurlara imza atıb: “Əminəm ki, bu uğurlar davam edəcək. Gələn il ümummilli lider Heydər Əliyevin 100 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. İnanıram ki, gələn il bu yarışlar daha böyük səviyyədə təşkil olunacaq”.

Xəbər 287 dəfə oxundu.