“Mingəçevir reqatası-2022”nin ikinci günündə Azərbaycan komandası 5 medal qazanıb
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə keçirilən “Mingəçevir reqatası-2022”nin ikinci gününə yekun vurulub.

Oktyabrın 23-dək davam edəcək reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparır.

Reqatanın ikinci günündə yarışlar Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Yarış günündə müxtəlif yaş kateqoriyasında idmançılar 500, 1000 metr məsafəyə kayak və kanoe, həmçinin 1000 və 1500 metr məsafəyə akademik avarçəkmədə güclərini sınayıblar. Azərbaycan təmsilçiləri günü 5 medalla başa vurublar. Bunlardan 2-si gümüş, 3-ü isə bürünc medaldır.

Turnirin ilk günündə Suqovuşan su anbarında kayak və kanoe növlərində qaliblər müəyyənləşib. 200 metr məsafəyə qızlar və oğlanlar arasında kayak və kanoe üzrə fərdi və cütlüklərin yarışında Azərbaycan komandası 4 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb.

Hazırda Azərbaycan komandasının hesabında 19 medal var.

Bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.

Oktyabrın 23-də yarışlar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Xəbər 322 dəfə oxundu.