Alper Kabakçı: “Mingəçevir reqatası-2022”nin ilk gününün işğaldan azad edilmiş Suqovuşanda keçirilməsi bizi çox sevindirdi
Azərbaycanda olmaqdan çox məmnunam. Reqatanın ilk gününün işğaldan azad edilmiş Suqovuşanda keçirilməsi bizi çox sevindirdi. Burada həmin ərazinin işğaldan azad olunması zamanı Azərbaycanın şəhidlər verdiyi barədə məlumatlandırıldıq.

Bunu müsahibəsində “Mingəçevir reqatası-2022”ni izləyən Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı deyib.

Yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran federasiya rəsmisi yüksək təşkilatçılığa görə, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbərliyinə minnətdarlığını bildirib: “Yarışa “Bir millət, iki dövlət” şüarı ilə qatılmışıq. Artıq Türkiyə idmançıları qızıl medal qazanıblar. Gələcəkdə AKAF ilə birlikdə layihələr həyata keçirib, əməkdaşlığımızı daha da möhkəmləndirmək istəyirik. Qarşılıqlı təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub. Gələn ilin mayında Mingəçevirdə ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə mötəbər yarışın təşkili nəzərdə tutulub və həmin turnirə də qatılmağı planlaşdırırıq”.

“Mingəçevir-2022”də güclü rəqabət var. Yetirmələrimizin uğurlu çıxış etdiyini deyə bilərəm. Ümid edirəm ki, bu reqatada mübarizə aparan türkiyəli idmançılar gələcəkdə Avropa və dünya çempionatlarında layiqincə çıxış edib, mükafatçılar sırasında yer alacaqlar”, - deyə A.Kabakçı əlavə edib.

Qeyd edək ki, oktyabrın 23-dək davam edəcək reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparır.

Xəbər 297 dəfə oxundu.