İsveç paytaxtında "Şuşa FM 2022" beynəlxalq mini futbol turnirinin açılışı və ilk oyunları baş tutub
İsveç paytaxtında "Şuşa FM 2022" beynəlxalq mini futbol turnirinin açılışı və ilk oyunları baş tutub.

İsveç Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən turnirdə 16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət mini futbol komandaları iştirak edir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov, keçirilən turnirin mahiyyəti haqda danışıb. Səfir deyib, "bu mühüm təşəbbüs İsveç Azərbaycanlıları Konqresinə rəhbərlik edən Emil Mirzəyev və İsveçdə yaşayan futbolçumuz Rüfət Əhmədovla əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Fikrini davam etdirən Zaur Əhmədov, bu beynəlxalq turnirin Azərbaycan Respublikası Prezidentinin elan etdiyi Şuşa İlinə həsr olunduğunu bildirib. Şuşa şəhərinin ölkəmizin ən görkəmli mədəniyyət və ədəbiyyat xadimlərini dünyaya bəxş edən Azərbaycanın mədəniyyət paytaxtı olduğunu bildirən səfir, bu şəhərin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Azərbaycanın, həmçinin Avropa Oyunları, Formula 1, Avropa Liqasının Finalı, Avro 2020 və bir çox digər böyük beynəlxalq idman tədbirlərinin keçirilmə məkanı olduğunu da bildirən diplomat, ölkəmizin həm də xalqlar və dinlər arası dialoq mərkəzinə də çevrildiyini ifadə edib.

"Ona görə də tamamilə məntiqlidir ki, Stokholmda belə bir tədbirin keçirilməsi həm də Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə töhfəsi kimi qiymətləndirilə bilər. Bu qəbildən olan işlərdən biri, “Bakı Prosesi” mənim ölkəmin təşəbbüsü ilə Avropa Şurası çərçivəsində xüsusi olaraq bu məqsədlə hazırlanıb", - deyə səfir Zaur Əhmədov bildirib.

Daha sonra çıxış edən İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev əvvəlcə öz rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. "Şuşa FM 2022" mini futbol turnirində, idman ab-havasının qorunaraq, dostluq və dürüst rəqabətin yer alacaq bir idman bayramının baş tutmasının əhəmiyyətinə toxunan diaspor fəalı, idmançılara uğurlar arzulayıb.

Turnirin açılış mərasimindən sonra, Azərbaycan Qazaxıstan komandaları meydana çıxıb. Nəticədə ölkəmizi təmsil edən komanda 7-0 hesabı ilə qalib gəlib.

Turnirdə baş tutan sonrakı matçlardın hesabları aşağıdakı kimidir:

Albaniya – Tunis 1-0

İtaliya – Fransa 3-0

Yunanıstan – Nigeriya 4-2

Kolumbiya – Uruqvay 2-5

Qırğızıstan – Braziliya 0-5

Xorvatiya – İsveç 1-4

Xəbər 234 dəfə oxundu.