“Mingəçevir reqatası-2022”nin ikinci gününə start verilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə keçirilən “Mingəçevir reqatası-2022”nin ikinci gününə start verilib.

Oktyabrın 23-dək davam edəcək reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparır.

Reqatanın ikinci günündə idmançılar 500, 1000 və 1500 metr məsafəyə fərd və cütlüklər arasında kayak və kanoe yarışlarında güclərini sınayacaqlar.

Turnirin ilk günündə Suqovuşan su anbarında kayak və kanoe növlərində qaliblər müəyyənləşib. 200 metr məsafəyə qızlar və oğlanlar arasında kayak və kanoe üzrə fərdi və cütlüklərin yarışında Azərbaycan komandası 4 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb.

Bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.

Xəbər 339 dəfə oxundu.