Dörd sərbəst güləşçimiz U-23 dünya çempionatının beşinci günündə mübarizəyə qoşulub
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Yarışın beşinci günündə dörd sərbəst güləşçimiz mübarizəyə qoşulub. Güləşçimiz Tofiq Əliyev (57 kq) debütdə türkiyəli Ahmet Dumana müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün T.Əliyev bu gün ukraynalı Kamil Kərimovla təsəlliverici görüşdə qarşılaşacaq.

Kənan Heybətov (70 kq) fransalı Əhməd Yezza üzərində inamlı qələbə qazanıb – 8:1. Gənclər arasında dünya çempionumuz səkkizdəbir finalda almaniyalı Şamil Ustayevi sonuncu xal prinsipinə əsasən (1:1) üstələsə də, növbəti mərhələdə gürcüstanlı Giorgi Elbakidzeyə minimal fərqlə uduzub – 4:5. Rəqib finala yüksəldiyi üçün K.Heybətov təsəlliverici görüşdə Şri-Lanka təmsilçisi Lahiru Vadiqeylə üz-üzə gələcək.

Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində yaponiyalı Kosuke Yamakuraya 10:11 hesabı ilə məğlub olub.

İslam İlyasov (97 kq) ilk görüşdə türkmənistanlı Şatlik Yemelyayevə heç bir şans tanımayıb – 10:0. Həmyerlimiz daha sonra ukraynalı Yunus Qafurovu 4:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. İ.İlyasov finalın bir addımlığında amerikalı Tanner Sloana uduzub - 2:10. Təmsilçimiz bürünc medal uğrunda Mucahit Çelik (Türkiyə) - Andro Marqişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə mübarizə aparacaq.

Xəbər 306 dəfə oxundu.