Avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin ilk günündə Azərbaycan komandası 14 medal qazanıb
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə Suqovuşanda start götürən ənənəvi “Mingəçevir reqatası-2022”nin birinci gününə yekun vurulub.

Oktyabrın 23-dək davam edəcək reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparacaq.

Turnirin ilk günündə Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyənləşib. 200 metr məsafəyə qızlar və oğlanlar arasında kayak və kanoe üzrə fərdi və cütlüklərin yarışında Azərbaycan komandası 4 qızıl, 6 hümüş və 4 bürünc medal qazanıb.

Bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.

Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Xəbər 307 dəfə oxundu.