Bu gün Suqovuşanda ənənəvi “Mingəçevir Reqatası”na start veriləcək
Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə ənənəvi “Mingəçevir Reqatası”na start veriləcək. Oktyabrın 23-dək davam edəcək reqatada 15-dək ölkə iştirak edəcək. Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukrayna komandaları çempionluq uğrunda mübarizə aparacaqlar.

Reqatanın rəsmi açılış mərasimi və yarışların birinci günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Suqovuşanda baş tutacaq. Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcəklər. Bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.

Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Xəbər 224 dəfə oxundu.