İdman Akademiyasında israilli professorun seminarı başlayıb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) idman psixologiyasının öyrənilməsi, bu sahədə elmi potensialın inkişafı, idmançıların psixoloji hazırlığının artırılması və psixoloji reabilitasiyanın tətbiqi məqsədilə mütəmadi olaraq həm akademik, həm də metodik potensialın gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

idman psixologiyasının dərindən öyrənilməsi və tədqiq edilməsi isə bu sahədə köklü inkişafa və bacarıqlı kadrların hazırlanmasına təkan verəcək.

Bu baxımdan akademiyada bakalavr və magistratura təhsil səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman tibbi və reabilitasiya” ixtisasları üzrə təhsil alan tələbələrin idman psixologiyası sahəsində biliklərinin təkmilləşdirilməsi və metodik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İsrailin “Ariel” Universitetinin Səhiyyə idarəetmə departamentinin professoru, Mental Sağlamlıq Mərkəzinin direktoru Anatoliy Kreininin ölkəyə səfəri çərçivəsində ASAPES-də “Posttravmatik stres pozuntusu bio-psixi-sosial problem kimi” mövzusunda seminarı başlayıb.

İki gün davam edəcək seminarda, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tibb mütəxəssisləri də iştirak edirlər.

Xəbər 264 dəfə oxundu.